2022-ci ilin yeni sosial paketinin tərkib hissəsi » Regionxeber.tv

2022-ci ilin yeni sosial paketinin tərkib hissəsi

2022-ci ilin yeni sosial paketinin tərkib hissəsi


Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması vətəndaş amilinə verilən yüksək dəyərin bariz nümunəsidir.

Bu gün Azərbaycan dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması da təkmil islahatlara, uğurlu sosial siyasətə əsaslanır. İqtisadi tərəqqi hər bir dövlətin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması daim rastlaşdığı hər bir çətinliyi uğurla həll etməsini şərtləndirir. 2008-ci ildə dünyanı bürüyən, nəticələri son illərə qədər davam edən iqtisadi və maliyyə böhranının ardınca 2019-cu ilin sonundan bu günədək davam edən koronavirus infeksiyası ilə mübarizə tədbirləri də ölkələrin malik olduqları imkanların təqdimatında mühüm rol oynadı. Onu da qeyd edək ki, ötən il COVİD-19-la mübarizə tədbirləri ilə yanaşı 44 günlük Vətən müharibəsini yaşadıq. Bütün bunlara baxmayaraq heç bir sosial layihə təxirə salınmadı, iqtisadi islahatlar daha da dərinləşdirildi.

Hazırkı dövrdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Cənab İlham Əliyev yalnız bu ərazilərin deyil, bütün regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün zəruri olan addımları atır. Baxmayaraq ki, COVID-19-la mübarizə insan sağlamlığı ilə bağlı məsələdir, təbii ki, görülən tədbirlər ölkələrin iqtisadi imkanlarına söykənir. Mübarizə tədbirlərinə başlandığı günlərdə əksər dövlətlər iqtisadiyyatın durğunluğunu aradan qaldırmaq üçün yollar axtarışına çıxdığı halda, Azərbaycan dövləti insanların sağlamlığının təmin olunmasını önə çəkdi, bu fonda iqtisadi islahatların dərinləşdirilməsinin prioritetliyini açıqladı. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramı həyata keçirildi. Sosial dəstək proqramlarının uğurlu icrası vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyevin bu müddətdə paytaxt və bölgələrdə açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin sayına və bugünümüz üçün önəminə diqqət yetirmək kifayətdir.

COVID-19-la mübarizə tədbirlərinin gücləndirildiyi müddətdə ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər an vətəndaşların yanında olmaları, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin şəffaflığının təmin edilməsi istiqamətində atdıqları addımlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Əhalinin rifah halının yaxşılaşdırılması əsas prioritetlər sırasındadır. Dövlət başçısı İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə» sərəncamları da deyilənlərin təsdiqidir. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə 2022-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20 faiz artırılacaq. Bu məqsədlə Nazirlər Kabineti həmin işçilərin tarif (vəzifə) maaşlarını minimum əməkhaqqı artımına uyğunlaşdırılmış şəkildə, əməyin ödənilməsinin dərəcələri üzrə artımlarla ifadə edən yeni cədvəli təsdiq edəcək. Gələn ilin əvvəlindən tətbiqinə başlanacaq həmin cədvəldə işçilərin maaşları hər bir dərəcə üzrə artırılmış məbləğlərdə əksini tapacaq. Həmçinin cədvəldə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də artırılacaq. Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal,

nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin maaşları da aidiyyəti dövlət orqanlarının kateqoriyaları üzrə müvafiq intervalda artacaq. Yeni ilin 1 yanvarınadək qüvvədə olan mövcud 19 pilləli Vahid Tarif Cədvəli üzrə əməkhaqlarının minimal həddi 250, maksimal həddi 906 manatdır. Təsdiqlənəcək yeni cədvəldə bu göstəricilərdə minimum əməkhaqqı artımına uyğun artımlar olacaq. Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.

Göründüyü kimi, ölkənin iqtisadi imkanları güclü sosial siyasətlə müşayiət olunur. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində əmək haqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılacağını bildirmişdir. Son 18 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək bu vədin də reallıqda öz əksini tapdığını böyük inamla qeyd edə bilərik.

Sərvəddin Cəfərov,

Salyan bələdiyyəsinin sədri