Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir

Azərbaycan xalqı ikinci Qarabağ müharibəsindən qalib xalq, qalib dövlət, qalib ordu kimi ayrıldı. Bu birmənalı və mübahisəsiz həqiqətdir. Odur ki, heç kim nə Qələbəmizə şübhə ilə yanaşsın, nədəki 10 noyabrda imzalanmış birgə bəyanatın müddəalarından narahat olmasın. Hər kəs əmin ola bilər, o bəyanatda Azərbaycanın maraqlarına zərrə qədər də zidd olan hər hansı bir neqativ məqam tapmaq mümkün deyil.
44 günlük savaş başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa bir müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək. Artıq ötən əsrin 90-cı illəri deyil, onların qarşısında hərb sənətinin incəliklərini bilməyən könüllülər yox, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərlik etdiyi dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb. Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən bir ordu ilə müqayisədə korrupsiya və özbaşınalıqdan təngə gələn Ermənistan cəmi bir neçə günün içərisində elə ağır zərbələr aldı ki, müharibəni davam etdirə bilməyəcəyini anladı və xarici havadarlarının yardımına bel bağlamaqdan başqa çarəsi qalmadı.
Ermənistanda düşünürdülər ki, dünyadakı böyük havadarları, diaspor və lobbiləri bu dəfə də öz işini görəcək və Azərbaycanı geri çəkilməyə vadar edə biləcək. Lakin onlar bu dəfə yanılmışdı. Son illər ərzində Azərbaycan diplomatiyası qələbə üçün bütün mühüm diplomatik addımları atmışdı və geniş lobbi şəbəkəsinə malik olan Ermənistan diplomatik müstəvidə də Azərbaycana məğlub olmuşdu. Baxmayaraq ki, 44 günlük müharibə boyunca ermənilərin təsirində olan beynəlxalq kanallar heç vaxt olmadığı qədər fəallaşdırıldı və Azərbaycana qarşı ciddi təzyiq kampaniyasının keçirilməsinə cəhdlər olundu, bütün bunlar gözlənilən effekti vermədi. Azərbaycan beynəlxalq hüququ əsas götürərək, öz ərazilərində anti-terror əməliyyatına və əks-hücuma başladı və BMT-nin, ATƏT Minsk Qrupunun 27 ildə edə bilmədiyini cəmi 44 gün ərzində həyata keçirə bildi.
Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsi tarixinə öz adını Qarabağ fatehi kimi yazaraq Prezident, Ordu, Xalq birliyinin sarsılmaz və əbədi olduğunu bir daha sübut etdi. Şuşamızı, torpaqlarımızın hər bir qarışını yağı düşməndən azad edən, bizi məğlub xalq xəcalətindən xilas edən əsgərlərimiz Azərbaycanda yeni bir tarix yazmağı bacardılar. Ali Baş Komandanımızın dediyi kimi düşməni torpaqlarımızdan “ iti qovan kimi” qovdular.
Vətən müharibəsində bir daha əmin olduq ki, xalqla möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız birdir. Bu birlik şəhid övladını ağlamayaraq “Vətən sağ olsun” deyən anaların, nəşini çiynində daşıyan şəhidin həyat yoldaşlarının, “fəxr edirəm ki, atam Vətən yolunda şəhid olub” deyən övladların varlığındadır. Xalq-Heydər birliyinin əbədi, sarsılmaz olduğunu sübut edən Azərbaycan xalqı İlhamla irəli deyərək cənab Prezidentimizin ətrafında sıx birləşib, ona inanır, etibar edir və öz xoşbəxt, firavan, işıqlı gələcəyini İlham Heydər oğlu Əliyevdə görür.
Bu gün Azərbaycan xalqı tam əmindir ki, düşmən tərəfindən dağıdılmış kənd, qəsəbə və şəhərlərimiz cənab Prezidentimizin yorulmaz fəaliyyəti sayəsində tezliklə bərpa olunacaq, ölkəmizin abad və cənnət bir məkanına çevriləcəkdir.
Səməd Zeynalov,
Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin müəllim[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]