“Mərmərə” otelinin yanında peyda olan, gücünə güc qatan bar » Regionxeber.tv

“Mərmərə” otelinin yanında peyda olan, gücünə güc qatan bar

“Mərmərə” otelinin yanında peyda olan, gücünə güc qatan bar




Son vaxtlar bütün dünyada, eləcə də ölkəmizdə koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bundan başqa, hələ qeydə alınmasa da, “meymun çiçəyi” virusunun da yayıla biləcəyi ehtimalı yox deyildir. Bu nöqteyi-nəzərdən, yoluxucu xəstəliklərin daha asan yayıldığı cinsi əlaqəyə şərait yaradan əxlaqsızlıq yuvalarının nəzarətə götürülməsi olduqca vacib məsələdir. Hərçənd, bu fəaliyyət növü qanunsuz olduğundan, “pritonlar” kafe, otel, masaj salonu və başqa profil altında fəaliyyət göstərirlər. Hətta daşıdıqları rəsmi ad bədnam olandan sonra “cidanı çuvalda gizlətmək”, eyiblərini örtmək üçün onu dəyişməyi də sınaqdan keçirirlər.

Sadiq oxucularımız xatırlayarlar, onların sırasına yeni qoşulanlara bildiririk ki, paytaxtın Binəqədi rayonunda, “Baksol” yolunun üstündə kafe kimi qeydiyyatdan keçərək otel kimi təqdim olunan obyekti “İstanbul” adı daşıdığı vaxtlarda da, sonradan dəyişdirilərək “Mərmərə” (“Marmara hotel”) ilə əvəzlənəndə də tənqid etmişik. Yazmışıq ki, ad dəyişsə də, mahiyyət dəyişməyib, “priton” kimi yenə də öz ampluasında, əmək və vergi qanunvericiliyinin tələblərini pozmaqdadır. Olub ki, hətta saytımızın əməkdaşları müştəri qismində axşam saatlarında “Mərmərə”yə baş çəkərək təklif olunan xidmətlərlə maraqlanıblar. Onlara qeyri-leqal cinsi istismara cəlb olunmuş yüngül əxlaqlı qadınların intim xidmətindən yararlanmaq təklif olunub. Hətta obyektdə bu məqsədlə yaradılmış rahat şərait nümayiş etdirilib: Yataq dəsti olan otaqlar, çimmək üçün hamam göstərilib, çeşidli qiymətlər sadalanıb, bildirilib ki, obyektə cütlük kimi də gəlib bu şəraitdən yararlanmaq olar.

Di gəl, mənfi reputasiyalı bu obyektdə baş alıb gedən biabırçılığa, ictimai mənəviyyat əleyhinə cinayətlərə son qoyulmayıb, nədənsə bu məsələ ilə bağlı sərt addımların atılması ləngiyib. Burada baş verən iyrənc işlər, daha dəqiq desək, müştərilərə yüngüləxlaq qadınların intim xidmətlərinin təklif olunması barədə aidiyyati qurumlara, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə şikayət xarakterli müraciətlər ünvanlansa da, obyektin fəaliyyəti mətbuatda pislənilsə də, heç bir nəticəsi olmayıb.

Ad dəyişmək bəlkə də bu obyektin sahibləri olan Teymur və Seymur qardaşlarının diqqəti (bizim misalda ictimai nifrəti) özlərindən yayındırmaq üçün tətbiq etdikləri “xameleon” üsulların ən bəsitidir. Məlum olub ki, bu yaxınlarda “Mərmərə otel”in yaxınlığında gecələr işləyən bar peyda olub. Bara gələn müştərilər orada işləyən gənc qadınları götürüb çox uzağa deyil, elə yaxındakı otelə aparırlar. Beləliklə, necə deyərlər, “əl-əli yuyur, əl də üzü”.

“Əsli ilə doğrudur!”

Baş redaktor: İbrahim Hümbətov